Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu öndər Heydər Əliyevin əsl qəhrəman adlandırdığı sadə vətəndaş

0

  •          Uşaq yaşlarımdan 1992-ci ildə lentə alınmış Xocalı soyqırımının nəticələri haqqında televiziyalarda göstərilən kadrlarda dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmağı ilə xalqımızın bu bəlalardan qurtara biləcəyini hayqıraraq bildirən həmvətənlimizin çıxışına rəğbətlə baxıb, onun kim olduğu haqqında düşünərdim. Görəsən, bu uzaqgörən, müdrik insan kimdir ki, hərc-mərcliyin, anarxiyanın baş alıb getdiyi bir dövrdə çoxlarının deyə bilmədiyi sözü, həqiqəti, o, cəsarətlə və əminliklə deyə bilmişdir.            Yazımın qəhrəmanı Bəşirov Şükür İfrat oğludur. Şükür Bəşirov yalnız yazımın qəhrəmanı deyil, onu dahi şəxsiyyət Heydər Əliyev də xalqımızın qəhrəman oğlu adlandırmışdır. Yazımı oxuduqdan sonra Şükür Bəşirovu tanıyacaq və həmin kadrları oxucular da xatırlayacaqdır.          Şükür Bəşirov 1954-cü martın 24-də Laçın rayonunun Qozlu kəndində anadan olmuşdur. 1976-cı ildə ailəsi ilə birgə Xocalı şəhərinə köçmüşdür. 1978-ci ildə ailə həyatı qurub. 1979-cü ildə Xocavənd şəhərində Süd Kombinatı zavodunda sex rəisi vəzifəsində işləyib.        1988-ci ilin sentyabr 20-də erməni seperatçıları Şükür Bəşirovun Xocavənddə olan evini yandırıblar, ev içindəki bütün əşyalarla birlikdə kül olub. Buna baxmayaraq, işini davam etdirən Şükür Bəşirovu ermənilər yenə də təqib etməyə başlayıblar. Bir müddət rus əsgərlərinin müşayiəti ilə işinə gedib-gəlsə də, ermənilər onun yolunu kəsərək işdən ayrılmasını tələb ediblər. Qorxmaz və əzmkar insan olan Şükür Bəşirovun əmək kitabçasına Süt Kombinatının müdiri Satriyan Armonun əmri ilə kadrlar şöbəsində sovet qanunlarının 39,2 bəndinə əsasən, “vraq armyanskoqo naroda” (erməni xalqının düşməni) yazılaraq qeyri-qanuni yolla işinə xitam verilib. Bununla heç cür barışmayan Şükür Bəşirov 1988-ci ilin oktyabr ayının 20-də oxşar səbəbə görə işlərinə xitam verilən 11 nəfərlə birgə işinin bərpasına köməklik üçün Moskvaya gedib. Kreml sarayında Qorbaçovdan savayı demək olar ki, bütün rəhbər şəxslərlə görüşərək ermənilərin qanunsuz əməllərindən xəbər verib. Moskvada Respublikamızın daimi nümayəndəliyinə gedərək onun bu şikayətinə Heydər Əliyevin baxmasını istədiyini bildirib. Şükür Bəşirova indiki vəziyyətdə buna maneə yaradacaq qüvvələrin olduğu bildirilərək fikrindən döndərməyə çalışıblar. Bu tarixi fakt "Pravda", "İzvestiya", "Komsomolskaya Pravda" qəzetlərində və digər kütləvi informasiya vasitələrində nəşr olunmuşdur.        Şükür Bəşirov əmək kitabçasında onun haqqında yazılmış mənfi rəyin dəyişdirilməsinə nail olsa da, işini davam etdirə bilməyərək Xocalıya qayıtmaq məcburiyyətində qalmışdır. O, Xocalıda açılan mağazaların birində müdir vəzifəsində çalışıb.          Xocalı soyqırımının canlı şahidi olan Şükür Bəşirov həmin müsibətli günləri heç vaxt unutmur. Xocalı soyqırımını XX əsrin ən dəhşətli soyqırım aktı adlandıran Şükür Bəşirov ailə üzvləri ilə birgə 4 gün meşədə qalmışdır. Həyat yoldaşı, bacısı əsir düşsələr də, sonradan xilas olunublar. Meşələrdə donan, qətlə yetirilən qocaların, qadınların, körpələrin fəryadı onu sarsıdıb.         Xocalı soyqırımından 4 gün sonra - mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Şükür Bəşirov ailə üzvləri ilə birgə həmin mitinqdə iştirak edib. Mitinqdə çıxış edən Şükür Bəşirov qətiyyətlə "Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq" şüarlarını səsləndirib. Şükür Bəşirov bu sözləri Azərbaycanda hərc-mərcliyin baş alıb getdiyini, səriştəsiz rəhbərlərin ucbatından torpaqlarımızın ard-arda işğal olunduğunu, müstəqilliyimizin itirilmək həddinə gəlib çatdığını görərək söyləmişdir.          Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Şükür Bəşirovun çıxışına baxmış və onunla görüşün təşkili üçün Teleradio Şirkətinin sədri Nizami Xudiyevə tapşırıq vermişdir. Görüşün vaxtı 1997-ci ilin iyun ayının 16-na nəzərdə tutulsa da, müəyyən səbəblərdən görüş bir gün sonra baş tutmuşdur. Səmimi söhbətlər əsnasında 1 saat, 40 dəqiqə davam edən görüşdə dahi şəxsiyyət Heydər Əliyev Şükür Bəşirovu yaxından tanımaq marağında olduğunu bildirmişdir. Şükür Bəşirovun cəsarətli çıxışını yüksək dəyərləndirən Heydər Əliyev onu Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.       “Xocalının səsi” qəzetinə müsahibə verən Şükür Bəşirov Ulu öndər Heydər Əliyevlə görüşünü böyük qürur və fəxrlə ifadə edir. Böyük Zəfərimizdən hədsiz dərəcədə sevinən müsahibim qeyd edir ki, Heydər Əliyevlə görüşü zamanı onun başlatdığı siyasi xəttin nəticəsində Şuşanın azad olunacağına inandığını və o zaman azad Şuşada dahi şəxsiyyətin böyük bir abidəsinin xalqımız tərəfindən ucaldılacağını deyib.         Zaman və hadisələr sübut etdi ki, Şükür Bəşirovun dediyi sözlər öz təsdiqini tapıbdır. Xalqın nicat yeri olan Heydər Əliyev Azərbaycanı düşdüyü bəlalardan xilas edərək uğurlu inkişaf yolunun əsasını qoydu.       Ümummilli lider Heydər Əliyev Qarabağın azadlığını cismən görmədi. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Ali Baş Komandanımızın Dəmir yumruğu ətrafında orduya çevirilən xalqımızın həmrəyliyi, qəhrəman Vətən oğullarının hünəri sayəsində Qarabağımız, əziz Şuşamız düşmən tapdağından azad edildi. Buna görə də, Heydər Əliyevin ruhu şaddır.       İndi Şükür Bəşirovun əminliklə söylədiyi daha bir fikir var: Tezliklə Şanlı Azərbaycan Bayrağı Xocalıda, Xankəndidə də dalğalanacaqdır.                                                                            Qalib BƏYMƏMMƏDOĞLU,"Xocalının səsi" qəzetinin redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib88 dəfə
    Ulu öndər Heydər Əliyevin əsl qəhrəman adlandırdığı sadə vətəndaş

    Maraqlı gələ bilər
    55
    51
    54